Rəqəmsal dövrdə kontentin təsir gücü, onun necə yazıldığı ilə birbaşa əlaqəlidir. İstər məhsul tanıtımı, istər xidmət təqdimatı, istərsə də marka imicinin qurulması olsun — yaxşı yazılmış mətnlər satışa və marka dəyərinə ciddi təsir göstərir. Bu məqsədlə peşəkar kontent menecerləri və kopirayterlər müxtəlif mətn modellərindən istifadə edirlər. Bu modellər, konkret məqsədlərə xidmət edən strukturlaşdırılmış yazı çərçivələridir.
Bu yazıda kontent və marketinq dünyasında geniş istifadə olunan əsas mətn növləri və modelləri ilə tanış olacaqsınız.
AIDA modeli (Attention – Interest – Desire – Action)
AIDA modeli, xüsusilə reklam və satış yönümlü mətnlərdə istifadə olunan klassik və effektiv yazı strukturudur. Bu modelin əsas məqsədi oxucunun diqqətini cəlb etmək, maraq yaratmaq, istək oyatmaq və sonda onu konkret hərəkətə yönləndirməkdir.
AIDA modelinin uğuru onun psixoloji baxımdan insanın qərarvermə prosesinə uyğun qurulmasıdır. Bu struktur sadə görünə bilər, amma düzgün tətbiq edildikdə həm konversiyanı, həm də istifadəçi cəlbini əhəmiyyətli dərəcədə artırır.
PAS modeli (Problem – Agitation – Solution)
PAS modeli daha çox emosional əlaqə qurmağa yönəlmiş yazı texnikasıdır. Bu yanaşma oxucunun qarşılaşdığı problemi tanıyır, bu problemin təsirini artıraraq vurğulayır və nəticədə konkret bir həll təqdim edir. Xüsusilə stres, narahatlıq, itirilmiş fürsətlər və ya təhlükə kimi hisslər üzərində qurulan kampaniyalar üçün ideal seçimdir.
Bu modelin əsas gücü, insan psixologiyasına toxunaraq oxucunun reaksiya verməsini sürətləndirməkdədir. Satış öncəsi kontentlərdə, landinq səhifələrində və e-mail kampaniyalarında çox geniş istifadə olunur.
4P modeli (Picture – Promise – Prove – Push)
4P modeli vizual təsəvvür və sübut əsaslı inandırıcı mətnlər hazırlamaq üçün istifadə olunur. Bu model oxucunun beynində məhsul və ya xidmətlə bağlı aydın və cəlbedici bir mənzərə yaratmağa, ardınca ona vədlər verməyə, sübutlarla güvən qazandırmağa və təcili çağırışla hərəkətə keçməyə fokuslanır.
Marketinq mesajının daha təsirli və tam olmasını istəyənlər üçün bu model idealdır. Xüsusilə məhsul təqdimatlarında, reklam afişalarında və sosial media paylaşımlarında effektivdir.
FAB modeli (Features – Advantages – Benefits)
FAB modeli daha çox məhsul yönümlü kontentlərdə tətbiq olunur. Məhsulun və ya xidmətin sadəcə xüsusiyyətlərini sadalamaq kifayət etmir. İstehlakçı bu xüsusiyyətlərin ona nə qazandıracağını və necə üstünlük yaradacağını başa düşmək istəyir. Bu model bu ehtiyacı qarşılayır və satış prosesində müştəriyə aydın bir məntiq və fayda zənciri təqdim edir.
FAB yanaşması həm B2C, həm də B2B kontentlər üçün uyğun olsa da, xüsusilə texniki və kompleks məhsulların təqdimatında çox dəyərlidir.
Niyə Mətn Modelləri Vacibdir?
Yazı modeli istifadə etmədən yazılmış kontent məqsədinə bəzən tez çatmır. İstifadəçi diqqətini çəkmək, onu məlumatlandırmaq və hərəkətə keçməyə sövq etmək üçün strateji yanaşma tələb olunur. Bu modellər:
-
Dəqiq və məqsədyönlü kontent yaratmağa kömək edir
-
Oxucunun psixologiyasına uyğun qurulur
-
Kontentin oxunaqlığını və effektivliyini artırır
-
SEO baxımından daha strukturlaşdırılmış və axtarış motorları üçün əlverişli məqalələr formalaşdırır
Kontent meneceri olaraq sizin əsas vəzifəniz sadəcə yazmaq deyil, nəticə gətirən kontent hazırlamaqdır. Bu nəticəyə çatmaq üçün isə yazdığınız hər məqalənin hansı modelə uyğun qurulacağını əvvəlcədən müəyyənləşdirmək vacibdir.
Marketinqdə istifadə olunan mətn növləri və yazı modelləri kontentin təsir gücünü xeyli artırır. AIDA, PAS, 4P və FAB kimi modellər oxucu ilə daha güclü əlaqə qurmağa, onu inandırmağa və konkret hərəkətə keçməyə yönəldilmişdir. Bu modelləri düzgün seçmək və tətbiq etmək kontent strategiyanızın uğurunu təyin edən əsas faktorlardandır.
Müəllif: Əsli Hüseynova