Rəqəmsal marketinqin ən önəmli istiqamətlərindən olan SEO-ya olan marağın hər keçən gün artdığının fərqindəyik. Bu marağı nəzərə alaraq, SEO üzrə biliklər əldə etmək istəyənlərin faydalana biləcəyi bir neçə mənbəni və işinizə yaracaq məsləhətləri bir yerdə toplamağa çalışdıq.
SEO öyrənmək istəyənlərə tövsiyələr
- SEO öyrənmək ilk başlarda başqarışdırıcı görünə bilər. Müxtəlif qruplarda, forumlarda müzakirə olunan köhnə taktikalar, artıq aktual olmayan məlumatlar bu sahədən çox da anlayışı olmayan və yeni başlayan birini çaşdıra, yalnış yönləndirə bilər. Bu səbəbdən hər zaman güvənli mənbələrdən oxumağınızı məsləhət görürük.
- Axtarış sistemlərinin alqoritmləri heç vaxt eyni qalmır, daim təkmilləşir və inkişaf edir. Bir zamanlar işə yarayan texnikalar indi effektsiz, hətta ziyanlı ola bilər. Ona görə də alqoritm dəyişikliklərini, SEO üzrə yenilikləri daima izləmək vacibdir.
- SEO öyrənmək sadəcə nəzəriyyə ilə bitməməlidir, bu sizə sadəcə ümumi biliklər verə bilər. Öyrəndiklərinizi real layihələrdə tətbiq etmək isə sizə əvəzsiz praktiki biliklər qazandıracaq. Özünüzə kiçik bir bloq açmaqla başlaya bilərsiniz.
SEO öyrənmək üçün 5 ən yaxşı pulsuz mənbə (+1 Bonus)
- MOZ – Yeni Başlayanlar üçün SEO – 8 bölmədən ibarət bu material sizə SEO haqqında fundamental biliklər qazandıracaq. Search Engine Optimization-a giriş, axtarış sistemlərinin işləmə prinsipləri, açar sözlərin tapılması, On-Page və Off-Page və texniki SEO-nun əsasları haqda ilkin məlumatlar əldə edəcəksiniz.
- Mangools – Yeni Başlayanlar üçün Bələdçi – Öyrənməyə yeni başlayanlar üçün daha bir bələdçi. Ən vacib bölmələr olduqca asan dillə izah edilir. Sonda qısa test ilə oxuduqlarınızı test edib sertfikat ala bilərsiniz.
- Google Search Engine Optimization (SEO) Starter Guide – Google tərəfindən hazırlanmış bu bələdçini SEO-ya başlayanlarla yanaşı, veb-proqramçıların, rəqəmsal marketinq mütəxəssislərinin, internet üzərindən hər hansı bir biznes və ya bloq aparan hər kəsin oxuması məsləhətdir. İngilis dili ilə yanaşı, türk, rus da daxil olmaqla müxtəlif dillərdə oxumaq imkanı mövcuddur.
- Backlinko.com – Beynəlxalq SEO ekspert Brian Dean-ın bloqu hər bir SEO və rəqəmsal marketinq mütəxəssisinin izləməli olduğu bloqlardandır. Fundamental anlayışlara hakim olduqdan sonra daha ətraflı məlumatlar almaq istəyirsinizsə, Backlinko ideal mənbədir. Fərqli mövzularda real keyslər əsasında hazırlanmış məqalələri oxuyarkən bir çox suallarınıza cavab tapacaqsınız.
- Google Webmasters Central Blog – Google axtarış sistemində baş verən bütün dəyişikliklər, yeniliklər haqqında ilk və rəsmi məlumatları buradan izləyə bilərsiniz.
- Bonus: Moz Academy – Free Traning For all! – Normalda pullu olan bu treninqlər karantin səbəbilə 31 May 2020 tarixinə qədər tamamilə pulsuzdur. Sadəcə qeydiyyatdan keçərkən “wegotthis” promo-kodunu daxil etməyiniz kifayətdir. Müxtəlif mövzularda fərqli səviyyələr üçün video dərslərdən yararlanaraq #evdəqal -dığınız günləri daha səmərəli keçirə bilərsiniz.